Qrenlandiyada qlobal rəqabətin əriyən cəbhəsi 

09:15 22.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zəngin mineralları, əriyən buzlaqları və strateji mövqeyi ilə Qrenlandiya yenidən böyük dövlətlərin hədəfinə çevrilib. ABŞ-ın seçkilərdən sonra təzyiqi artdıqca, adalılar "biz satışlıq deyilik" deyirlər.

Hafta.az xatırladır ki, Qrenlandiyada ötən ay parlament seçkiləri keçirilib. Seçkidən 4 gün sonra - martın 15-də Qrenlandiya bayraqları daşıyan böyük izdiham paytaxt Nuukdakı ABŞ konsulluğu qarşısında nümayiş keçirib, "Yanki evə qayıt!" bannerlər oxunub, ABŞ bayrağı endirilib və amerikalılara çölə çıxmamaq tövsiyə edilib.

Qanuni olaraq Danimarka Krallığının tərkibinə daxil olan dünyanın ən böyük adasında təxminən 40 min nəfərin verdiyi səslər və nəticədə ola bilsin ki, normal şəraitdə Danimarka mediası da daxil olmaqla, çox diqqət çəkməsin. Baxmayaraq ki, bu muxtar bölgə həmişə böyük güclər arasında rəqabət meydanı olub, amma bu, indi daha çox görünür. Buna səbəb isə ABŞ və onun lideri Donald Trampdır.

Qrenlandiya məsələsi necə yarandı?

Trampın Qrenlandiyaya marağı yeni deyil. Bu iddia “The Washington Post” 2019-cu ildə "Tramp Qrenlandiyanı almaq istəyir. Bu böyük bir daşınmaz əmlak sövdələşməsi olacaq” başlıqlı məqaləsi ilə gündəmə gəlib. Amma bu Danimarka lideri Mette Frederiksen tərəfindən “absurd müzakirə” kimi qələmə verilib və Trampın Qrenlandiya səfəri ləğv edilib.

Sonrakı dövr ərzində Trampın “arzularından” biri olaraq qalan bu məsələ onun impiçmenti, keçmiş prezident Co Baydenin səlahiyyət müddəti, Rusiya və Ukrayna müharibəsi kimi digər əsas gündəmlərin kölgəsində qaldı. O, yenidən seçilənə qədər...

ABŞ seçkilərindən qalib gələn Tramp 2024-cü il dekabrın 23-də rəsmən vəzifəyə başlamazdan əvvəl “Truth Social” hesabında etdiyi paylaşımda Qrenlandiyanın ABŞ-ın nəzarətində olması lazım olduğunu, bunun “mütləq zərurət” olduğunu bildirib.

Trump-ın bəyanatı qlobal mövzuya çevrilsə də, əvvəlcə Danimarka/Qrenlandiya cəbhəsindən ehtiyatla qalxan “Biz satılmırıq” etirazları məsələni bağlamaq üçün kifayət etmədi. Həmin vaxt Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas “Aİ Qrenlandiya ilə bağlı danışıqlar aparmır” deyərək ittifaqın mövqeyini açıqlamışdı.

Lakin Trampın ABŞ-ın ada ilə bağlı tələbləri prosesi daha da gərginləşdirib.

Trampın açıqlamaları hələ isti olsa da, kiçik Trampın Qrenlandiyaya sürpriz səfəri manşetlərə çevrildi. Səfərin “şəxsi” olduğu ifadə edilsə də, Tramp MAGA papağı ilə adada çəkilmiş fotolarını paylaşaraq oğlunun “çox yaxşı qarşılandığını” bildirib.

Trampın ardınca ABŞ dövlət katibi Marko Rubio da prezidentin açıqlamalarının "zarafat olmadığını" bildirib və əlavə edib: "Bu, torpaq almaq xatirinə torpaq almaq deyil. Bu, bizim milli maraqlarımıza uyğundur və həll olunmalıdır".

Rubionun danimarkalı həmkarı Lars Lokke Rasmussen də adanın satılmadığını “təntənəli şəkildə” təkrarlayıb.

"Biz amerikalı olmaq istəmirik"

Qarşılıqlı bəyanatlar son nəticədə ABŞ-a qarşı reaksiyaların artması ilə nəticələndi. Danimarkanın ehtiyatlı mövqeyindən fərqli olaraq, o zamankı baş nazir Mut Bourup Egede Vaşinqtonun niyyətlərini sərt şəkildə tənqid edərək, "Biz amerikalı olmaq istəmirik, biz danimarkalı deyilik; biz Kalaallitik (Qrenlandiyalılar). Amerikalılar və onların liderləri bunu başa düşməlidir. Biz satış üçün deyilik" deyib.

Danimarka uğursuz oldu

ABŞ-ın vitse-prezidenti JD Vensin Qrenlandiyadakı Pituffik Hava Bazasına səfəri zamanı verdiyi açıqlamalar ABŞ-ın adaya marağının əsl səbəbi ilə bağlı mühüm ipuçlarını ehtiva edir: Danimarka bu bazanı qorumaq, qoşunlarımızı saxlamaq və fikrimcə, Qrenlandiya xalqını Rusiya, Çin və digər ölkələrin çoxsaylı təcavüzkar təşəbbüslərindən qorumaq üçün lazımi addımları atmaqda və lazım olan resursları ayırmaqda uğursuzluğa düçar oldu.

ABŞ-Qrenlandiya təhlükəsizlik əlaqələri

ABŞ-ın Qrenlandiyaya marağı, əslində, Amerika siyasətinin geosiyasi maraqları baxımından Trampdan kənara çıxan bir tarixə malikdir.

Birləşmiş Ştatlar bir neçə dəfə Alyaskaya nəzarəti ələ keçirməyə cəhd edib - əvvəlcə 1867-ci ildə, daha sonra 1910-cu ildə Filippin, Qərbi Hindistan və Şimali Şlezviqin iştirak etdiyi kompleks torpaq mübadiləsi təklifinin bir hissəsi olaraq, daha sonra 1917-ci ildə və yenidən 1946-cı ildə 100 milyon dollarlıq torpaq mübadiləsi təklifi ilə müvəffəqiyyətli olub.

Birləşmiş Ştatlar Qrenlandiyada hərbi mövcudluğunu 9 aprel 1941-ci il tarixli müdafiə müqaviləsi əsasında qurdu. Bu müqavilə ABŞ-a Qrenlandiyanın hər yerində hərbi bazalar yaratmaq hüququ verdi.

ABŞ, II Dünya Müharibəsinin sonunda Qrenlandiyada 17 yerdə fəaliyyət göstərdi. 1951-ci ildə NATO çərçivəsində yenidən təşkil edilən müqavilə Danimarkanın suverenliyini tanımağa davam etdi və 6 avqust 2004-cü il tarixli İqaliku razılaşması ABŞ-ın mövcudluğunu Tule Hava Bazasında (indiki Pituffik Kosmik Mərkəzi) məhdudlaşdırdı.

Qrenlandiya ABŞ üçün niyə vacibdir?

Qrenlandiya həm coğrafi mövqeyinə, həm də yeraltı sərvətlərinə görə ABŞ üçün mühüm bölgədir. Ada, 2023-cü ildə Aİ Komissiyasının təsnifatına görə kritik hesab edilən 34 mineraldan 25-ni, həmçinin qrafit, mis, nikel və titan kimi nadir torpaq elementlərini ehtiva edir.

Vaşinqtonun Ukraynaya tətbiq etdiyi “fövqəladə sülh”ün ən mühüm səbəbinin yenə qiymətli minerallar, kritik texnologiyaların istehsalında bu qaynaqlara ehtiyac duyduğunu və ABŞ-ın bu sahədə ən böyük rəqibinin Çin olduğunu nəzərə alsaq, iqtisadi rəqabət baxımından mənzərə aydınlaşır.

Qrenlandiyanı ABŞ-ın gözündə kritik bir bölgəyə çevirən başqa bir xüsusiyyət Arktika bölgəsi baxımından strateji yerləşməsidir.

İqlim böhranı buz qapaqlarını əritdikcə ortaya çıxan yeni hərbi rəqabət sahələri və yeni ticarət yolları ABŞ-ın keçən il dərc etdiyi Arktika Strategiya sənədində ətraflı şəkildə əksini tapıb.

Sənəddə Arktika regionunda ən böyük təhlükə kimi Rusiya və Çinin müəyyən edilməsi Tramp administrasiyasının Qrenlandiya ilə bağlı “israrını” da mənalandırır.

Arktika rəqabətinə hazırlaşan ABŞ üçün onun nəzarəti altında olan Qrenlandiya mövcud bazaların məhdud imkanlarından çox daha vacib funksiyaya malik olacaq.

ABŞ-ın Norveçdəki ağır silahları və Varanger bazası, İslandiyadakı Keflavik bazası, Alyaskadakı Eyelson Hərbi Hava Qüvvələri bazası və Fort Greely-dəki raketdən müdafiə sistemləri ilə tam nəzarət altında olan Qrenlandiya bütün bu təhlükəsizlik çətirinin əsas bazası olmaq potensialına malikdir.

Qrenlandiya seçkiləri və nəticələri

Adada keçirilən seçkilərdə sağ mərkəzçi Demokratlar Partiyası 30,26 faizlə ən çox səs toplayaraq sürpriz qələbə qazanıb.

Sosial liberalizm ideologiyasına sahib olan və bazar yönümlü islahatların tərəfdarı olan bu partiyanı 24,77 faiz səslə kənd yerlərində güclü dəstəyə malik olan millətçi Naleraq (İstiqamət Nöqtəsi) Partiyası izləyib.

Keçmiş lider Egedenin partiyası İnuit Ataqatigiit 21,62 faiz səslə üçüncü yerə düşüb.

Yeganə ABŞ tərəfdarı olan Qulleq Partiyası cəmi 1,08 faiz səslə sonuncu yerdə qalıb. Ölkədəki partiyaların demək olar hamısı müstəqilliyin tərəfdarıdır.

Adanın siyasətini formalaşdıran qüvvələr müstəqillik məsələsində həmfikir olsalar da, müzakirələr bu prosesin birbaşa və ya mərhələli olacağı ilə bağlıdır. Prosesin gedişatını yaradılacaq koalisiya müəyyən edəcək.

ABŞ zəngin resursları və strateji mövqeyinə görə Qrenlandiyaya doğru hərəkətlərini davam etdirmək niyyətindədir.

Avropanın yenidən silahlanması, Ukraynaya davamlı dəstəyi və Trampın 20 faizlik tarif açıqlamasının yaratdığı iqtisadi yük son nəticədə Danimarkanı ehtiyatlı olmağa vadar edir.

Hər halda, təxminən 56 min əhalisi olan müstəqillik siyasətini seçmiş bu soyuq adanı qarşıdakı dövrdə çox isti günlər gözləyir.